28.12.2017 ci il tarixdə Kərkicahanın işğalının 26-cı ildönümü münasibətilə kərkicahanlıların müvəqqəti məskunlaşdığı Gəncə şəhərində fəaliyyət göstərən Kərkicahan qəsəbə klubunda tədbir keçirildi. Tədbirdə Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən Xocalı rayon İH-nin Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev, Kərkicahan qəsəbə sakinləri, məktəb şagirdləri iştirak etdilər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev bildirdi ki, şagirdlərə Kərkicahanın, eləcə də işğal olunmuş digər torpaqlarımızın coğrafi mövqeyi, təbiəti haqqında məlumatlar ancaq məktəblərdə öyrədilir. Şagirdlər bilməlidir ki, düşmənlərimiz ermənilər və onların havadarlarıdır.
Bədxah qonuşularımız ermənilərin istəyi ilə SSR-i dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası Kərkicahana tuşlanmışdı. Qaz kəmərləri partladılır, evlər atılan mərmirlərlə yandırılırdı. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya və Kərkicahana hücum etməyə başladılar. Qorxmaz kərkicahanlılar daş-kəsəklə hücuma keçən kütlənin qarşısını igidliklə ala bildilər. Kərkicahan camaatı heç bir zaman düşməndən qorxmayıb. 1991-ci ilin dekabr ayı kərkicahanlılar üçün ən ağır və həlledici ay oldu. Dekabr ayının 2-dən ermənilər aramsız hücuma keçdilər. Silahsız və sahibsiz qalan camaat 366-cı motoatıcı alayın hərbi texnikası qarşısında tab gətirə bilmədi.
Kərkicahan camaatı işğala qədər 34 nəfər şəhid verdi. İşğal günündən sonra da kərkicahanlılar düşmənlərə qarşı igidliklə döyüşdülər.
Bu gün nikbin danışmağa çoxlu əsasımız var. Aprel döyüşləri Azərbaycan xalqını əmin etdi ki, nəyin bahasına olursa-olsun işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edəcəyik.
Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına 6 saylı Kərkicahan qəsəbə tam orta məktəbin direktoru Arzu Hacıyeva çıxışında Kərkicahan qadınlarının mərdliyindən söz açdı. O, vurğuladı ki, Kərkicahanın qadınları da, kişiləri qədər igidliklə düşmənlə mübarizə aparırdılar.
Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən Xocalı rayon İH-nin Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev çıxışında qeyd etdi ki, doğma yurd yerlərimizin işğal gününü yada salmaqla bərabər, tariximizə də nəzər salırıq. Kərkicahanlılar 4 il ermənilərlə döyüşdü, mərdliklə dayandı. Ona görə də kərkicahanlılar daim üzüağdır.
Şagirdlərimiz dədə-baba torpaqlarımız haqqında məlumatlandırılmalıdır. Onlar bilməlidir ki, tarixdə erməni adında millət olmayıb.
Vahid Əliyev nitqinin sonunda Ordumuzun qüdrətindən söz açaraq bildirdi ki, Azərbaycan Ordusu İslam dövlətləri içərisində 5-ci ən güclü orduya malikdir. Aprel döyüşlərində bütün dünya Ordumuzun qüdrətini, gücünü gördü. Artıq itirmək yox, qayıdış zamanıdır.
Sonda məktəbli şagirdlər vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.